ABŞ qüvvələri 20 ildən sonra İraqdan çıxdı: Bundan sonra nə olacaq?

Keçmiş İraq dövlət başçısı Saddam Hüseyn solda, ABŞ-ın dörd rəhbəri (Donald Trump, Joe Biden, Barack Obama ve George W. Bush) yanında, ABŞ hərbçilərinin hərbi təyyarələrin yanınca addımladığı və İraq bayrağının arxa planda yer aldığı kollaj görüntüsü
Şəklin alt yazısı, ABŞ İraqda qalan hərbi qüvvələrini sentyabrın 30-dək tamamilə çıxarıb.
    • Müəllif, Luis Barrucho
    • Vəzifə, BBC Dünya Servisi
  • Çap edildi
  • Oxuma vaxtı: 7 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

ABŞ İraqda qalan hərbi qüvvələrini sentyabrın 30-da ölkədən tamamilə çıxarıb. Beləliklə, 20 ildən artıqdır ölkədə baş verənlərin gedişatına təsir edən ABŞ-ın burdakı hərbi mövcudluğu başa çatıb.

Bu addım Səddam Hüseyni devirmiş 2003-cü il işğalı ilə başlayan və illərlə davam edən üsyanlar və məzhəb qarşıdurmaları ilə müşayiət olunan hərbi mövcudluğun sonu deməkdir.

ABŞ qüvvələri 2011-ci ildə İraqdan çıxmışdı, lakin 2014-cü ildə İraq Şam İslam Dövləti (İŞİD) ilə mübarizə aparmaq üçün yenidən geri qayıtmışdı.

Bu sonuncu geri çəkilmə İranla davam edən gərginliyin İraqdakı ABŞ hərbçilərini yenidən atəş xəttinə gətirdiyi vaxtda baş verib.

Lakin ekspertlər bildirirlər ki, hərbçilərin çıxarılması ABŞ-ın İraqdakı təsirinin bitməsi demək deyil.

Hazırda nə baş verir və niyə?

ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiya missiyası olan "Təbii Qətiyyət" əməliyyatına son qoymaq üçün Washington və Bağdad arasında 2024-cü ildə əldə olunmuş razılaşma həm də rəsmi olaraq geri çəkilmək üçün zəmin hazırlayıb.

İraq müharibəsinin ən qızğın dövrü olan 2007-ci ildə ölkəyə 170 mindən çox ABŞ hərbçisi göndərilmişdi. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, geri çəkilmə ilə bağlı razılaşma əldə edilməzdən əvvəl, 2023-cü ilin dekabrında bu rəqəm təxminən 2400 nəfərə qədər azaldılmışdı.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

O vaxtdan bəri ABŞ qüvvələri hərbi kontingentini azaldıb və xəbərlərə görə, İraq Kürdüstan Regional Hökumətinin ərazisində yalnız kiçik bir hərbi birlik saxlayıb.

Washington-dakı Atlantik Şurasının İraq Təşəbbüsündə qonaq tədqiqatçı olan Safvan Əl-Əmin deyir: "Bu geri çəkilmə, İŞİD-ə qarşı missiyanın İraqdakı məqsədinə çatması səbəbilə əvvəlki İraq hökuməti ilə əldə olunmuş razılaşmanın nəticəsidir".

Bu addım həm də İraq daxilində uzun müddətdir davam edən siyasi təzyiqi də əks etdirir.

2016-cı ildən 2019-cu ilə qədər ABŞ-ın İraqdakı səfiri vəzifəsində çalışmış Duqlas Silliman deyib ki, ard-arda qurulan hökumətlər ABŞ-ın hərbi mövcudluğuna son qoymaq tələbləri ilə üzləşiblər və bir çoxları bunu İraqın suverenliyinin pozulması kimi qiymətləndirirdi.

Washington-dakı Ərəb Körfəzi Dövlətləri İnstitutunun rəhbəri olan Silliman BBC-yə verdiyi açıqlamada qeyd edb: "İranpərəst qrupların və əsasən şiələrdən ibarət cəmiyyətin bəzi təbəqələrinin təzyiqi altında olan bir neçə İraq hökuməti bu qüvvələrin ölkədən çıxarılması üçün təzyiq göstərir".

İraq bayrağının rənglərinin əks olunduğu bir yerdə döyüş formasında iki ABŞ hərbçisi dayanıb, öndə bir əsgər, arxa planda isə əlində avtomat olan başqa bir hərbçi var.
Şəklin alt yazısı, 2024-cü ildə Washington və Bağdad ABŞ-ın rəhbərliyi ilə İŞİD-ə qarşı birliyin missiyasını bitirməklə bağlı razılaşıb.

ABŞ qüvvələri 2011-ci ildə - Barak Obamanın prezidentliyi dövründə İraqdan çıxmışdı. Lakin İŞİD ölkənin böyük hissəsini ələ keçirdikdən sonra Bağdadın tələbi ilə üç il sonra yenidən geri qayıtmışdı.

O vaxtdan bəri onların missiyası döyüş əməliyyatlarından təlim, məsləhət və kəşfiyyat məlumatlarının paylaşılmasına doğru dəyişib.

Lakin analitiklər sentyabr baş verən geri çəkilmənin vaxtının İŞİD-ə qarşı missiyanın rəsmi şəkildə başa çatmasından daha çox təhlükəsizlik narahatlıqları ilə bağlı olduğunu düşünürlər.

Britaniyanın RUSI beyin mərkəzinin baş tədqiqatçısı HA Hellyer deyir: "Bu, İŞİD-lə bağlı deyil, risklə bağlıdır; həmin əsaslandırma illər əvvəl öz qüvvəsini itirib".

Hellyer İranın da daxil olduğu regional gərginliklər zamanı Şimali İraqdakı ABŞ obyektlərinə son vaxtlar edilən hücumlara diqqət çəkərək, Washington-un İraqda qalan şəxsi heyətini getdikcə daha həssas hədəf kimi gördüyünü bildirib.

Əl-Əmin də bu fikirlə razılaşır və qeyd edir ki, ABŞ və İraq rəsmiləri daha əvvəl koalisiya missiyası başa çatdıqdan sonra belə, kiçik bir Amerika hərbi birliyinin saxlanılmasını müzakirə ediblər.

Tədqiqatçı Hellyer deyir: "Əsgərlərin sayının az olması və güc nümayiş etdirmək imkanlarının məhdudluğu nəzərə alındıqda, İranla müharibə bu qüvvələrin üstünlükdən daha çox zəiflik olduğunu göstərdi".

ABŞ İraqda necə xatırlanacaq?

İŞİD bayrağının şəklinin çəkildiyi bir divara bir hərbçinin əksi düşüb
Şəklin alt yazısı, ABŞ bölmələri 2011-ci ildə İraqı tərk edib, amma İŞİD-in yenidən baş qaldırmasının ardınca Bağdadın istəyi ilə 2014-cü ildə təkrar İraqa geri göndərilib.

İşğaldan iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, ABŞ ordusunun İraqdakı irsi ilə bağlı qiymətləndirmələr hələ də böyük ölçüdə fərqlənir.

Əl-Əmin bunu "qarışıq vəziyyət" kimi qiymətləndirir.

"ABŞ-ın işğalı qarşıya qoyduğu məqsədlərə nail olmadı, rejim dəyişikliyi də iraqlıların sabit və firavan ölkə arzularını reallaşdırmadı" deyən ekspert işğalın regionda qeyri-stabillik və İranın nüfuzunu genişləndirməsinə imkan yaratdığını bildirir.

Silliman keçid prosesinin çətin olduğunu qəbul edir, lakin illər ərzində bir çox iraqlının ona Səddam Hüseynin devrilməsindən sonra baş verən siyasi dəyişiklikləri qəbul etdiklərini söylədiyini qeyd edir.

"İraqın təmsilçi demokratiya ilə idarə olunmalı olduğu" fikri artıq kök salıb, lakin "əvvəllər bunu heç vaxt yaşamamış bir cəmiyyətdə demokratiya ənənələrinin formalaşması vaxt aparacaq", - Əl-Əmin bildirir.

İraqın keçmiş dövlət başçısı Səddam Hüseynin və arxasında bir neçə dövlət rəsmisi
Şəklin alt yazısı, İraqın keçmiş dövlət başçısı Səddam Hüseynin 11 noyabr 1987-ci ildə çəkilmiş şəkli. O, 2003-cü ildə ABŞ-ın İraqı işğalı zamanı vəzifəsindən kənarlaşdırılıb, İraq məhkəməsinin qərarı ilə ölüm cəzası alıb.

Washington-dakı Amerika Universitetində Qlobal Kürd Sülh Təşəbbüsünün direktoru Yerevan Səid də müsbət düşünür. "Keçmiş rejimin devrilməsi həqiqətən böyük hadisə idi", o deyir və tənqidi yanaşanların bu hadisənin son qoyduğu vəhşilikləri gözdən qaçırdığını bildirir.

Davam edən korrupsiyaya baxmayaraq, o, İraqın 2003-cü ildən əvvəlki dövrlə müqayisədə daha çox siyasi azadlığa və plüralizmə malik olduğuna inanır və xüsusilə İraq Kürdüstan Regional Hökumətini buna nümunə göstərir.

Hellyer isə ABŞ-ın İraqdakı qalıcı təsirinə demokratiya çərçivəsində yanaşmağı rədd edir.

"İnsanlar "ABŞ demokratiya qurdu, ya yox?" sualını verməyi dayandırmalıdırlar. Xeyr, vəssalam" deyir.

Onun fikrincə, ABŞ-ın təsiri regional xarakter daşıyıb:

"Səddamın devrilməsi nəticədə İrana bağlı şəbəkələrin dövlət daxilində möhkəmlənməsinə və Washington-un aradan qaldırdığı tarazlıq amilini öz strukturlarına daxil etməsinə gətirib çıxardı".

Lakin dörd ekspertin hamısı İraqın 2003-cü ildə ABŞ siyasətçilərinin nəzərdə tutduğu sabit demokratiyadan hələ də çox uzaq olması ilə razılaşır.

Ekspertlər bildirirlər ki, korrupsiya geniş yayılıb və silahlı qruplar, xüsusilə də Bağdadın tamamilə dövlət nəzarətinə keçirməyə çalışdığı, əsasən şiə milislərdən ibarət İraq Xalq Səfərbərlik Qüvvələri (PMF) daxilindəki radikal qruplar rəsmi dövlət strukturları ilə yanaşı hələ də gücə malikdir.

 George W. Bush Oval Ofisdəki masasının arxasında
Şəklin alt yazısı, Keçmiş ABŞ Prezidenti George W. Bush 2003-cü il martın 19-da ABŞ-ın rəhbərliyi ilə İraqın işğalının başlamasını vurğulayan İraqı Müstəqilləşdirmə Əməliyyatının başladığını bəyan etdi.

Bundan sonra nə olacaq?

Əl-Əmin geri çəkilməni ABŞ-ın İraqdakı təsirinin sonu kimi görmür.

"İraqın ABŞ dolları ilə həyata keçirilən neft satışlarından asılılığı səbəbindən ABŞ hələ də böyük nüfuza malikdir. İraq silah almaq üçün ABŞ-dan asılıdır və regional qonşuları ilə qarşılaşdığı çətinliklərin öhdəsindən gəlmək üçün də ABŞ-ın diplomatik dəstəyinə ehtiyac duyur".

Səidin fikrincə, bu nüfuzun bir hissəsi Washington-un ölkədəki diplomatik varlığından qaynaqlanır.

"Bağdadda dünyanın ən böyük ABŞ səfirliyi, Ərbildə isə dünyanın ən böyük ABŞ konsulluğu yerləşir", - deyir və vurgulayır ki, hər iki obyektin təhlükəsizliyi qoşunlar geri çəkildikdən sonra da təmin olunmalıdır.

Silliman "çox dərin hərbi münasibət" kimi xarakterizə etdiyi əlaqələrin davam edəcəyini gözləyir; bu münasibətlərə İraq ordusuna, Terrorla Mübarizə Xidmətinə və İraqın yarı muxtar Kürdüstan bölgəsinin silahlı qüvvələri olan Peşmərgəyə davamlı təlim və planlaşdırma dəstəyi daxildir.

Lakin ən böyük qeyri-müəyyənlik İranın dəstəklədiyi milis qüvvələri ilə bağlıdır. İraqın Baş naziri Əli Zeydi əvvəlcə bu qüvvələrin sentyabrın 30-dək tamamilə dövlət nəzarətinə keçməsini istəyirdi, lakin milis qüvvələrinin 2027-ci ilin sonunadək vaxt tələb etdiyi bildirilir.

Bəzi ekspertlər hətta bu müddətin belə real olmaya biləcəyini deyirlər.

Səid milislərin İraqın siyasi və maliyyə sistemindəki yerinə, parlamentdəki mövcudluğuna və Tehranla əlaqələrinə diqqət çəkərək deyir: "Bu baş verməyəcək".

ABŞ qüvvələri 2003-cü ilin aprelində İraqı Müstəqilləşdirmə Əməliyyatının ardınca Bağdaddakı Səddam Hüseyn heykəlini yıxıb
Şəklin alt yazısı, ABŞ qüvvələri 2003-cü ilin aprelində İraqı Müstəqilləşdirmə Əməliyyatı çərçivəsində Bağdada daxil olub.

Lakin Silliman müsbət bir məqam da görür. ABŞ qüvvələrinin birləşdirici amil kimi çıxış etməməsi silahlı qrupların mühüm siyasi alətlərindən birini itirməsinə səbəb ola bilər və Bağdadın milislərə daha çox təzyiq göstərməsinə imkan yarada bilər.

Lakin o, daha ciddi bir risk barədə xəbərdarlıq edir:

"Səfir kimi çalışdığım dövrdən əvvəlki illərə qədər uzanan bir proses çərçivəsində İraqda bir çox baş nazirlə görüşmüşəm və onlar bu vəziyyətin daxili qarşıdurmaya, hətta İraq daxilində vətəndaş müharibəsinə gətirib çıxara biləcəyindən narahatdırlar".

Səid həmçinin 2011-ci ildəki geri çəkilmədən sonra baş verənlərə bənzər şəkildə, İŞİD-in yenidən güclənməsindən narahatdır.

O xatırladır ki, ABŞ qoşunlarının çıxmasından sonra Bağdaddakı şiə liderliyində olan hökumət sünni liderləri həbs etmək və onları siyasi prosesdən uzaqlaşdırmaq üçün addımlar atmışdı. Bu təzyiq bir çox sünnini radikallığa sövq etmiş və İŞİD-in yüksəlişini sürətləndirmişdi.

Sünni icmaların onlara necə davranılacağı ilə bağlı yenidən narahatlıq keçirdikləri bir vaxtda, Səid radikallaşma riskinin ciddi olduğunu bildirir.

Silliman isə daha nikbin mövqedədir və İraq təhlükəsizlik qüvvələrinin on il əvvəllə müqayisədə xeyli gücləndiyini, belə təhdidləri nəzarət altında saxlamaq üçün daha əlverişli mövqedə olduqlarını deyir.

Ekspertlər bildirirlər ki, regional baxımdan bu geri çəkilmə ABŞ və İran arasında İraqdakı güc balansı ilə bağlı da yeni suallar doğurub.

Əl-Əmin İranın "öz təsirini möhkəmləndirməyə çalışacağını" proqnozlaşdırır və son geri çəkilmənin mütləq qalıcı olacağı kimi şərh edilməməsi barədə xəbərdarlıq edir.

O deyir: "ABŞ qoşunları 2011-ci ildə də İraqdan çıxmışdı, lakin bir neçə il sonra ölkəyə geri qayıtmışdılar" və sözlərini belə yekunlaşdırır:

"Bu, hekayənin bir hissəsinin sonudur, son fəsli deyil".

Yazıdakı illüstrasiyaları Raees Hussain tərtib edib.