Putinin yerişi nədən xəbər verir?

Şəklin mənbəyi, Reuters
Alimlər Vladimir Putinin yerişini onun DTK təlimi alması ilə əlaqələndirirlər, lakin belə bir mülahizə də var ki, o, özü barədə sərt adam təsəvvürü yaratmağa çalışır.
Ümumiyyətlə, kiminsə yerişindən onun necə bir adam olduğunu bilmək olarmı? - deyə sual edir Kemi Alemoru.
Tədqiqatçılar belə bir məqama fikir veriblər ki, Putin yeriyərkən sol qolu yelləndiyi halda, sağ qolu hərəkətsiz qalır.
Britaniyada çıxan “British Medical Journal” məcmuəsi belə bir nəticəyə gəlib ki, Putinin sağ qolunu tərpənməz saxlaması onun DTK təlimi ilə bağlı vərdişi ola bilər. Bu təlim zamanı çekistlərə sağ əli silaha atmaq üçün daim hazır saxlamağı öyrədirlər.
Bu yeriş tərzinə “atıcı yerişi” də deyilir.
Bəs ümumiyyətlə, insanın yerişindən onun barəsində daha nələri söyləmək olar. John Wayne, Daniel Craig və ya ekranda “cayıl” oğlanları oynayan Ross Kempin öz yeriş tərzləri var.
"Adamlar düşünürlər ki, kiminsə yerişindən, onun aqressiv və ya ziyanavər olduğunu bilmək olar. Amma bu, göründüyü qədər də bəsit məsələ deyil” - deyir Southhampton Universitetinin professoru Mark Nixon. O insan yerişlərini kompüter proqramı ilə təhlil edir.
İnsanın xarakterini müəyyən etmək üçün çox sayda faktorları öyrənmək lazım gəlir. “Əgər birisi paba daxil olan kimi, sən bu adama baş qoşmamaq lazım olduğunu düşünürsənsə, bu sənin özünün bir sıra gümanların və stereotiplərinlə bağlı ola bilər” – deyir alim.
Bununla belə, birisinin davranışını onun yerişi əsasında proqnozlaşdırmaq mümkün olmasa da, müəyyən nəticələrə gəlmək mümkündür.
Alimlər belə nəticəyə gəliblər ki, bir dəstənin üzvü olan adamlar ətrafa qorxu saçmaq üçün adətən bir-birlərinin yeriş və jestlərini təqlid edirlər.
Hələ 1888-ci ildə polis zabiti John Barry Victoria Polisinın Davranış Qaydalarında yazırdı ki, polis nəfərinin müəyyən tərzdə yeriməsi ilə onun intizamlı, sərt, nüfuzlu və qanun-qayda keşikçisi olması kimi təsəvvür yaratmaq olar.
Nixon israr edir ki, kişilik kimi xarakterik xüsusiyyətlər kiminsə tərəfindən yerişlə nümayiş etdirilib qavrana bilər, lakin bununla, onların həqiqətən zorakı niyyətə malik olub-olmadıqlarını söyləmək çətindir. Bunu sınamaq çox müşkül işdir” – deyir alim.
























